•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Xocalı: Tarixin silinməyən izi və ədalətli Zəfər - Elza İbadova yazır

Susmayan Yaddaşın Səsi Tarixin susmayan yaddaşı və bitməyən naləsi olan Xocalı faciəsindən artıq 34 il ötür. Bu illər ərzində faciənin izləri düşüncələrimizdə, beynimizdə və ruhumuzda sanki süxurlaşaraq qalıb. Mən o dəhşətli günlərdə hələ anadan olmamışdım, lakin mənim həmyaşıdlarım və məndən böyük nəsil üçün bu faciənin adı ana harayıata hənirtisi və bacı naləsi ifadələrinin sinoniminə çevrilib. Azərbaycan xalqı arzulamadığı dözülməz ağrılarla yoldaşlıq etməli olsa da, öz mətanətini itirməmişdir. Xocalı faciəsi təkcə xocalıların deyil, bütün xalqın ortaq ağrısı və milli faciəsidir.

Milli Qəhrəmanlıq və Sarsılmaz Ruh-Xalqımızın qəhrəmanlığını göstərmək üçün Şuşa döyüşlərində yaralanan xocalılı bir əsgərin sözlərini xatırlamaq kifayətdir. Həkimin "Yaraların çoxmu incidir?" sualına cavab verərkən o, gözləri dolaraq belə demişdi: "Məni yaralarım incitmir, həkim. Məni döyüşlərdən aralı qalmağım, döyüşənlərin sırasında olmamağım incidir. Xocalının qisasını sonacan ala bilməyəcəyəm...". Bu fədakarlıq ruhu xalqımızın hər bir fərdində yaşayırdı. Hətta qadınlarımız ermənilərə girov düşməmək, ismətlərini və namuslarını qorumaq üçün özlərini qayalardan atmağı əsirlikdən üstün tuturdular.

Soyqırımın Coğrafiyası və İşğal Strategiyası

​Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən, 7 min əhalisi olan Xocalı şəhərində baş verən bu misli görünməmiş faciənin əsası fevralın əvvəllərindən qoyulmuşdu. Fevralın 10-dan 12-nə qədər davam edən Malıbəyli və Quşçular qətliamı, həmçinin fevralın 14-də Qaradağlı kəndində baş verən faciə Xocalı soyqırımı üçün zəmin rolunu oynadı. Erməni silahlı birləşmələrinin məqsədi Qarabağın dağlıq hissəsindəki strateji əhəmiyyətli maneəni – azərbaycanlıları oradan tamamilə təmizləmək və Xocalını yer üzündən birdəfəlik silmək idi.

26 Fevral Gecəsi: Əsrin Dəhşəti

​1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı hərbi alayının köməyi ilə hücuma keçdi. Şəhər dörd tərəfdən mühasirəyə alındı, ağır texnika və artilleriya atəşi nəticəsində qısa müddətdə alova büründü. Dörd ay mühasirədə qalan şəhərdə hücum anında təxminən 3 min dinc sakin qalmışdı. Silahsız və əliyalın insanlar dözülməz hava şəraitində, çətin coğrafi ərazidən keçərək canlarını qurtarmağa çalışırdılar. O gecə sözün əsl mənasında əsrin görünməmiş faciəsi yaşandı.

Qanlı Statistika və Beynəlxalq Faktlar

​Soyqırım nəticəsində:

​613 sakin amansızlıqla qətlə yetirilib (onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır). 

​8 ailə tamamilə məhv edilib. 

​130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 

​487 nəfər ağır yaralanıb ki, onlardan da 76-sı uşaqdır. 

​1275 nəfər əsir götürülüb. 

​150 nəfərin (o cümlədən 68 qadın və 26 uşağın) taleyi bu günədək məlum deyil. 

​Bununla da, kifayətlənməmiş sağ qalan insanlar üzərində erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə təhqiredici hərəkətlər həyata keçirilmişdir. Bu faciə zamanı 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmiş, onlar  diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış,hətta meyitləri də təhqir etmişdilər. "The Times" və "Le Monde" kimi nüfuzlu qəzetlər meyitlərin eybəcər hala salınmasını, skalpların götürülməsini və körpə qızların dəhşətli aqibətini dünyaya bəyan etmişdir. 1992-ci il 4 mart tarixdə “The Times” qəzeti yazırdı:

“Meyitlərin çoxu eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. Həmin ildə erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”. “Le Mond” qəzeti (Paris) yazırdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır.

Bu nümunələrin sayını xeyli artırmaq olar.

Mədəni Soyqırım və Hüquqi Qiymət

​Düşmən təkcə insanları deyil, tariximizi də hədəf almışdı. Xocalıda 3200 fərdi yaşayış binası, 14 məktəb, 29 kitabxana və muzeylər, həmçinin XIV-XV əsrə aid tarixi türbələr və qəbiristanlıqlar yerlə-yeksan edildi. Bu faciəyə ilk rəsmi hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis müvafiq qərar qəbul etdi. Ulu Öndərimiz  Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.  Bu həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, tanınması, eyni zamanda qətliama obyektiv qiymət verilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 2008-ci ildən isə Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası dünyaya bu həqiqətləri çatdırmaqda davam edir.

Zəfərlə Azad Olan Ruhlar

​44 günlük Vətən müharibəsi və Qarabağın tam azad olunması milyonlarla insanımızın qəlbindəki yaranı azaldaraq, tarixin bu ağrılı səhifəsini zəfərlə əvəzlədi. Biz hər zaman inanırdıq ki, üçrəngli bayrağımız Xocalı səmasında dalğalanacaq və bu gün bu bir reallıqdır. Əziz soydaşlarımız hər birinizin əziz xatirəsini sayğı ilə anırıq. Allah rəhmət eləsin, əminik ki, ruhunuz azad Xocalının səmalarını dolaşır.

Elza İbadova
Filoloq

Bizə yazın