•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Kələk, yoxsa külək? - SOSİAL-PSİXOLOJİ ESSE

Külək – təbiidir. Əsər, istiqamət dəyişər, amma məqsədi yoxdur. Kələk isə niyyətlidir, planlıdır. İçində hesab var. Hər dəyişən insan kələkbaz deyil. Bəzən biz küləyi kələk kimi qəbul edirik. Bəzən də əksinə — kələyi “zamanın küləyi” adı ilə özümüzə bəraət qazandırırıq. Həyatımıza girənlər külək idi, yoxsa kələk? Bəs haqqımıza girənlər? Küləkdən qorxmaq lazım deyil, heç külək kimi insanlardan da. Çünki bir anda əsər, coşar amma sonra sakitləşərlər.

Bəzən ürəyimizə dəyən, ən ağır olan xəyanət olmur. Ən ağır olan qeyrimüəyyənlik olur: səni sevirmiş kimi davranmaq, həm dəyər vermək, həm dəyərsiz hiss etdirmək. Ən çox yadlar incitməz insanı. Çünki onlardan heç nə gözləmirsən. Ən çox doğma bildiyin adamlar dəyişəndə ağrıyar ürək. Ya da dəyişməzlər, bəziləri hər zaman kələk niyyətli olur, sadəcə bəzən üzlərinə maska taxırlar, yalnız sənə ehtiyacları olanda mehriban görünmək üçün. Və bir gün anlayırsan ki, doğmalıq qanla, illə, sözlə ölçülmür. Doğmalıq davamlılıqdır, seçimdir, qalma qərarıdır.

İnsanların ilan qabığını dəyişən tək xarakterlərini dəyişməsi sənə bir şeyi öyrədir: Doğma olmaq hissdir, amma doğma qalmaq xarakterdir. İstər iş yerində, istərsə də həyatın başqa sahələrində insanın əsl dəyərini müəyyən edən onun vəzifəsi yox, insani keyfiyyətləridir.

Bir hüquqşünas rəfiqəm var, deyirdi ki; "Mən işə ilk başladığım günlərdə iş yerim evimizdən xeyli uzaq məsafədə idi. Yol uzun idi, amma məsuliyyətim ondan da uzun. İşə yeni başlamışdım, diqqətlər üzərimdə idi deyə çalışırdım ki, gecikməyim. Hər gün hamıdan 30–40 dəqiqə tez gəlirdim. Ofis bum-buz, daş divarlar isə soyuq. Mən isə isti olsun deyə kondisionerləri yandırırdım və çay dəmləyirdim. Sonra işçilər gəlirdi. Bir-bir. Hamı çay içirdi. Heç kim istəmirdi, amma hamı gözləyirdi. Mən də deyirdim ki, nə olar, bir stəkan çay nədir ki… Günlər keçdi, aylar ötdü. Çay adət oldu. Adət isə borca çevrildi.

Bir gecə atam xəstələndi, şəkəri qalxdı, evə təcili yardım çağırdıq. Səhərə qədər gözlərimizə yuxu getmədi. Səhər işə hamıdan tez deyil, bu dəfə vaxtında çatdım — ilk dəfə. Ofisə girəndə gördüm ki, məndən əvvəl üç-dörd qız gəlib. Köhnə işçilər idi. Oturmuşdular, kompüterlər açıq, iş başında. Mən yuxusuz, halsız və yorğun halda yerimə keçdim. Bir azdan digərləri gəldi. Amma nə “yaxşısan?”, nə də “yorğunsan?” deyən oldu. Səs yüksəldi: “Niyə çay dəmləməmisən?”, “Niyə çay qızdırılmayıb?”

Elə bil bir gün əvvəl atamın başı üstündə gecələyən mən yox, çay borcunu ödəməyən biriydim. O an anladım ki, yaxşılığı anlamayan adam üçün yaxşılıq mərhəmət deyil, vəzifədir. Sən könüllü etdiyini sanırsan, onlar səndən tələb edirlər. O gündən sonra bir daha çay dəmləmədim. Məsələ çay deyildi, məsələ mənim şənbə və bazar, hətta bayram günləri belə işləməyim də deyildi. Məsələ budur ki, haqsızlıq bəzən böyük qışqırıqlarla gəlmir. Bəzən bir çaydanın dəmlənməməsi ilə üzünə çırpılır. Və sən anlayırsan ki, bu dünyada ən tez yeyilən şey yaxşı niyyətdir, deyib susdu. Və sonra gözlərini uzaqlara zilləyib dedi ki, bilirsən, şənbə, bazar, saat anlayışı olmadı məndə. Dedim ki, iş yerində problem olmasın, yaxşılıq olsun. Hamı istirahətdə olanda da gəldim. Heç kim gəlməyəndə mən getdim. Kiminsə işi qalanda üstümə götürdüm. Amma zamanla başa düşdüm ki, mən bunu yaxşılıq üçün etdikcə, qarşı tərəf bunu fədakarlıq kimi yox, mənim öhdəliyim kimi görməyə başladı. Elə bir nöqtə gəldi ki, hamı istirahətdə olsa belə, mən gəlməyəndə problem yaranırdı. Müdirim əsəbiləşirdi. Halbuki
həmin gün rəsmi olaraq hamının istirahət günü idi. Ən çox da bu adamın davranışı məni ayıltdı. Çünki iş yerimdə ən çox istədiyim və işlərinə ən çox kömək etdiyim o idi. Amma soruşmadı niyə halsızsan, yaxşısan ya yox. Sadəcə narazı oldu. Həmin anda anladım ki, indiyə qədər etdiklərim dəyər kimi yox, gözlənti kimi qəbul olunub. Mən səhv etməmişdim. Sadəcə həddindən artıq vermişdim. Və yanlış yerə vermişdim. İndi bilirəm ki, yaxşılıq bir dəfə olanda dəyərdir, davamlı olanda isə sərhəd qoyulmasa istismara çevrilir. Və mənə baxaraq gözləri dolmuş halda dedi ki; "Ən ağrılı tərəfi nədir, bilirsən? Hamı istirahətdə ola bilər, amma sən gəlməyəndə problem yaranır. Çünki sən “fədakar işçi” yox, boşluğu dolduran adam roluna salınmısan. Və o rol çox rahatdır onlar üçün. Ona görə də yaxşılığı hər kəsə etmək olmaz. Yaxşılıq, onu anlayan adama ediləndə mənalı olur.

Səssizcə onu dinlədim. O zamanlar tam başa düşməmişdim, amma indi anlayıram, o qədər haqlı idi ki. Ən ağır hiss xəyanət deyil. Ən ağır hiss yadlaşmadır. Çünki xəyanət bir andır. Yadlaşma isə proses. Söhbətlər azalır, baxışlar dəyişir. Əvvəllər sənə danışılan sözlər indi başqasına deyilir. Sən hələ eyni qaldığını düşünərkən, qarşı tərəf artıq çoxdan dəyişmiş olur. Və insan özünü sorğulamağa başlayır: Bu, həyatın küləyi idi? Yoxsa mənə qurulan kələk? Bəlkə də ən acı həqiqət budur: hər doğma həmişə doğma qalmır. Bəzi insanlar həyatımıza qalmaq üçün yox, bizə bir dərs olmaq üçün girirlər. Səsini, baxışını, gülüşünü, susmağını tanıdığın biri, bir
gün sənə yad kimi davrananda anlayırsan ki, məsafə kilometrələrlə ölçülmür. Anlayırsan ki, bu susqunluq o susqunluqdan deyil. Bəzən düşünürsən, bu sadəcə həyatın küləyidir.
İnsan dəyişər, şərait dəyişər, münasibətlər soyuyar. Özünü sakitləşdirirsən: “Olur belə şeylər.” Ad qoyursan; zaman, yorğunluq, anlaşılmazlıq. Bəs şüarlar küləkdir, yoxsa kələk? Vədlər küləkdir, yoxsa kələk? Külək pəncərəni çırpar. Kələk isə qapını içəridən bağlayar. İş yerində bəzi insanlar külək kimidir. Sakitcə əsər, otağın havasını dəyişər, amma adları çəkilməz. Onların gördüyü iş görünməz, səsləri eşidilməz, zəhmətləri hesaba yazılmaz. Və bir gün anlayırlar ki, əslində problem külək olmaqda deyil, problem o küləyin istiqamətini heç kimin fərq etməməsindədir.

Fədakarlıq da qəribə şeydir. Sən susaraq yük götürürsən, artıq qalan işləri öz üzərinə alırsan. Sən “olsun, problem deyil” deyərək başqasının məsuliyyətini də daşıyırsan. Amma bu səssizliyə zamanla öyrəşirlər. Səni güclü yox, “həmişə edər” kimi görürlər. Çünki bəzən rəhbərlik və ya kollektiv sənin səssizliyini fürsətə çevirir. Sən danışmadıqca, onlar tələb etməyə davam edir. Sən etiraz etmədikcə, onlar sənin sərhədlərini silərlər. Bu artıq külək deyil. Bu planlı rahatlıqdır. Bu, kələkdir. Ən təhlükəlisi isə budur: insan bir müddət sonra öz dəyərini də görməməyə və özünü, layiq olduğu dəyərləri sorğulamağa başlayır. Elə bilirsən ki, bu qədər yüklənmək normaldır. Halbuki normal olan qiymətləndirilməkdir, görünməkdir, təşəkkür eşitməkdir. İşdə görünməyən fədakarlıqlar da belədir. Ya bir gün səssiz külək kimi itib gedir, ya da bir gün qapını çırpıb çıxır. Və o zaman axtarılan olursan. Bəzən problem bizim çox işləməyimiz deyil. Problem, öz dəyərimizi susaraq təqdim etməyimizdədir. Və bir gün ayılırsan. Özündən soruşursan: Həyatıma girən bu hiss… Külək idi, yoxsa kələk? Cavabı tapanda isə artıq əvvəlki kimi olmursan. Anlayırsan ki, yaxşılıq davamlı və qarşılıqsız olanda, bir nöqtədən sonra onun adı dəyişir. Artıq ona yaxşılıq demirlər — öhdəlik deyirlər. Və buna görə də insan layiq olduğu dəyəri görmədiyi zaman getməlidir. Həm də susaraq getməlidir. Çünki, həyat bumeranqdır. Mütləq ki, yaxşı olanların dəyərini, bir gün yaxşı olmayanlardan öyrənəcəklər.

Məhluqə Nuraliyeva
Xpress.az

Bizə yazın